Xəzər Universitetində Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçirilib
2–3 mart 2026-cı il tarixlərində Xəzər Universitetində Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunan “3-cü Ortaq Türk Keçmişindən Ortaq Türk Gələcəyinə Doğru: 100-cü İl Dönümündə Türkoloji Qurultaydan Bu Günə Ortaq Əlifba Məsələləri” mövzusunda beynəlxalq elmi simpozium təşkil olunub. Tədbir Mədəni Antropologiya və Folklor İnstitutu (MAFİ), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Yeni Türkiyə Strateji Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
Simpoziumun açılış mərasimində çıxış edən “Khazar MAFİ”nin koordinatoru Dos. Aynur Qəzənfərqızı tədbirin əsas məqsədinin ortaq əlifba ideyasının tarixi köklərini yenidən gündəmə gətirməklə müasir çağırışlar fonunda elmi müzakirə platforması yaratmaq olduğunu bildirib. O, Türkoloji Qurultayın qərarlarının yüz il sonra da aktuallığını qoruduğunu vurğulayıb.
Ardınca Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof. Hamlet İsaxanlı çıxış edərək türk dünyasının ortaq elmi-mədəni irsinin gələcək nəsillərə ötürülməsində vahid əlifba və dil birliyinin vacib rolunu xüsusi vurğulayıb. Türk Dil Qurumunun nümayəndəsi Prof. Şükrü Haluk Akalın ortaq əlifbanın türk xalqlarının bir-birini tərcüməsiz anlamasını təmin edəcək ən güclü mənəvi körpü olduğunu qeyd edib. Xəzər Universitetinin Tarix və Arxeologiya departamentinin müdiri Dos. Telman Nüsrətoğlu Türkoloji Qurultayının ideyalarını yaşatmağın tarixi bir borc olduğunu ifadə edib. Yeni Türkiyə Strateji Araşdırma Mərkəzinin nümayəndəsi Prof. Bilgehan Atsız Gökdağ türk dövlətləri arasında strateji dil siyasətinin formalaşdırılmasının qaçılmazlığını əsaslandırıb, Özbəkistan Elmlər Akademiyasının təmsilçisi Nigora Halbekova isə dil birliyinin milli kimliyimizin əsası olduğunu və ortaq əlifbanın bu irsi gələcək nəsillərə daşıyacağını diqqətə çatdırıb. Qazaxıstanın Ahmet Baytursunuly Dilçilik İnstitutunun təmsilçisi Dos. Yermukhamet Maralbek isə müasir dövrdə türk dillərinin qrafik inteqrasiyasının qlobal rəqabətliliyə təsirini geniş şəkildə təhlil edib.Həmçinin Xəzər MAFİ nümayəndəsi Prof. Ali Yakıcı mövzu ilə bağlı mühüm elmi mülahizələrini bölüşüb.
Tədbirin bədii hissəsində aşıq Ramin Qarayevin ifası iştirakçılara türk dünyasının zəngin folklor irsini bir daha xatırladıb və simpoziumun elmi mühitinə milli çalar qatıb.
İki gün davam edəcək olan simpozium bölmə iclasları, panel müzakirələri və açıq debatlarla yekunlaşıb. Sonda qəbul olunan nəticə sənədində ortaq əlifba istiqamətində elmi-təşkilati əməkdaşlığın gücləndirilməsi, birgə tədqiqat layihələrinin hazırlanması və türk dövlətlərinin ali təhsil müəssisələri arasında koordinasiyanın artırılması əsas prioritetlər kimi müəyyənləşdirilib.
Qeyd olunub ki, Türkoloji Qurultayın 100 illiyi münasibətilə keçirilən bu simpozium türk dünyasında dil birliyi ideyasının yenidən strateji gündəmə daşınmasına və gələcək nəsillər üçün davamlı elmi platformanın formalaşmasına mühüm töhfə verib.
Simpozium çərçivəsində 3 mart tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında bölmə iclası keçirilib. Türkoloji Qurultayın keçirildiyi zalda baş tutan iclasın moderatoru AMEA-nın prezidenti akademik İsa Həbibbəyli olub.
Bölmə iclası akademik İsa Həbibbəylinin giriş sözü ilə başlayıb. O, Türkoloji Qurultayın elmi irsinin müasir türkoloji araşdırmalar üçün mühüm istiqamətlər müəyyənləşdirdiyini vurğulayıb.
İclasda müxtəlif ölkələrdən olan alimlər məruzələrlə çıxış ediblər. Şükrü Haluk Akalın “Birinci Türkoloji Qurultayı’ndan Modern Türk Sözlükçülüyünün Doğuşuna” mövzusunda çıxış edərək qurultayın türk leksikoqrafiyasının inkişafına təsirini təhlil edib. AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun nümayəndəsi dosent Zülfiya Vəliyeva Önlen “Latın qrafikasına keçidin yüzilliyində yeni nəslin problemləri” mövzusunda məruzə ilə çıxış edib.
Daşkənddən qatılan dosent Jura Xudoyberdiyev “Birinci Türkologiya Qurultayında türk dillərində sinxarmonizmin müzakirəsi” mövzusunda təqdimat edərək qurultay materiallarının dilçilik baxımından əhəmiyyətini diqqətə çatdırıb. Qazaxıstan Dövlət Dilinin İnkişafı İnstitutunun nümayəndəsi professor Bijomart Kapalbekov isə “Türkologiyada Avropa-mərkəzçilikdən bağımsız ulusal yanaşım” mövzusunda çıxış edərək türkoloji araşdırmalarda milli elmi metodologiyanın rolunu qeyd edib.
Məruzələrdən sonra mövzular ətrafında müzakirələr aparılıb və bölmə iclası yekunlaşdırılıb. Tədbirin sonunda iştirakçılar üçün Neftçilər kampusunda yerləşən yeməkxanada qala yeməyi təşkil olunub.
Aydan Əliyeva
Xəzər Universiteti, Filologiya (Azərbaycan dili və Ədəbiyyatı) ixtisası üzrə 2-ci kurs tələbəsi.
Nigar Ələsgərli
Xəzər Universiteti, Azərbaycan dili və Ədəbiyyatı müəllimliyi ixtisası üzrə 2-ci kurs tələbəsi.

















