Xəzər Universitetində “Kitablar ən yaxşı dostumdur-2” adlı elmi-mədəni tədbir keçirilib.

19 fevral 2026-cı il tarixində Xəzər Universitetində Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Kitablar ən yaxşı dostumdur-2” adlı möhtəşəm tədbir baş tutub. Universitetin himni və kitablara həsr edilmiş videoçarxın nümayişi ilə başlayan tədbir, keçən il Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə təməli qoyulmuş ənənənin uğurlu davamı kimi yadda qalıb. Tədbiri giriş sözü ilə açan Xəzər Universiteti Humanitar, Təhsil və Sosial Elmlər fakültəsinin dekanı, dr. Milana Abbasova qonaqları salamlayaraq kitabın insan mənəviyyatındakı əvəzsiz rolundan və ana dilinin qorunmasının vacibliyindən bəhs edib. Rəsmi hissənin ardınca universitetin qızlardan ibarət rəqs qrupunun çıxışı və universitetin  sevimli müəllimi, tanınmış aşıq Ramin Qarayevin ifası tədbirə xüsusi rəng qataraq iştirakçıların ruhunu qidalandırıb.

Mərasimdə çıxış edən Mədəni Antropologiya və Folklor İnstitutunun koordinatoru, dosent Aynur Qəzənfərqızı ana dilinin saflığının qorunması və folklorun gənc nəslə aşılanmasının əhəmiyyətini vurğulayıb. Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin rəhbəri və Kalağayı Muzeyinin direktoru Güllü Eldar Tomarlı milli geyim və poeziyanın vəhdətindən söz açaraq mütaliənin şəxsiyyət kimi formalaşmadakı yerinə toxunub. Tanınmış tədqiqatçı Əli Şamil öz çıxışında kitabın keçmişlə gələcək arasında mənəvi körpü olduğunu qeyd edib, görkəmli yazıçı Əzizə Cəfərzadənin oğlu Turan İbrahimov isə anasının yaradıcılıq yolundan və kitabın bir ümman kimi insan xəyallarını zənginləşdirməsindən danışıb.

Tədbir çərçivəsində dosent Aynur Qəzənfərqızının rəhbərliyi ilə keçirilən “Mütaliə Paneli”ndə şairlər – Tərlan Musayeva, Vaqif Osmanlı, Sevil Hüseynova, Lalə İsmayıl, Aybəniz Camalova, Esmira Fuad, Mətanət Ulu Şirvanlı, Əzizə Ağahüseynqızı, Qulu Xaləddinoğlu və Rövşən Xaləddinoğlu iştirak edərək tələbələrlə yaxından ünsiyyət qurublar. Tədbirin ən maraqlı və interaktiv məqamı olan sorğuda dosent Aynur Qəzənfərqızının suallarını doğru cavablandıran tələbələrə professor Hamlet İsaxanlının müəllifi olduğu dəyərli kitablar hədiyyə edilib. Proqramın sonunda şairlərhəm tələbələrə, həm də Xəzər Universitetinin kitabxanasına öz kitablarını bağışlayıblar. Bu tədbir ana dilimizə ehtiram və kitabın bir dost kimi gənclərin həyatındakı yerini möhkəmləndirmək baxımından böyük əhəmiyyət kəsb edib.

Nigar Ələsgərli

Xəzər Universiteti, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə 2-ci kurs tələbəsi.

Similar Posts