Aynur Qəzənfərqızı beynəlxalq dəyirmi masada məruzə ilə çıxış edib.

11 fevral 2026-cı il tarixində Beynəlxalq Qazax Dili Akademiyasının təşkilatçılığı ilə “Türk Dövlətlərində Dövlət Dilinin Tədrisi Məsələsi” adlı dəyirmi masa keçirilib.

Xəzər MAFİ-nin koordinatoru və Dillər və Ədəbiyyatlar departamentinin müəllimi, dosent Aynur Qəzənfərqızı Beynəlxalq Qazax Dili Akademiyasının təşkilatçılığı ilə keçirilmiş “Türk Dövlətlərində Dövlət Dilinin Tədrisi Məsələsi” adlı dəyirmi masada “Azərbaycan dilinin məktəblərdə tədrisindəfolklor mətnlərinin rolu” mövzusunda məruzə ilə çıxış etmişdir.
Məruzəçi əvvəlcə Azərbaycan dilinin tədrisinin tarixi inkişaf mərhələləri haqqında qısa icmal təqdim etmiş, Azərbaycan dilinin tədrisinin ilkin əsaslarının XVI əsrdə Səfəvilər dövründə formalaşmağa başladığını qeyd etmişdir. O, müasir mənada Azərbaycan dilinin tədrisinin 1840-cı ildən etibarən həyata keçirildiyini, rəsmi statusda isə 1884-cü ildən tətbiq olunmağa başladığını vurğulamışdır. İlk dərsliyin 1839-cu ildə Mirzə Şəfi Vazeh tərəfindən qələmə alındığını diqqətə çatdırmış, həmçinin Mirzə Kazımbəyin “Türk-tatar dilinin qrammatikası” əsərinin dilçilik tariximizdə mühüm yer tutduğunu qeyd etmişdir.
Aynur Qəzənfərqızı məruzəsində müasir ümumtəhsilməktəblərində Azərbaycan dilinin tədrisinə ayrılan saatlarla bağlı statistik göstəricilərə də toxunmuşdur. O, hazırkı dərsliklərdə folklor mətnlərinə nisbətən ədəbi nümunələrə daha geniş yer verilməsinin metodik baxımdan mübahisəli olduğunu bildirmiş, folklor mətnlərinin şagirdlərdə milli kimlik şüurunun və vətənpərvərlik duyğularının formalaşmasında daha təsirli vasitə olduğunu əsaslandırmışdır. Məruzə iştirakçı alimlər tərəfindən maraqla qarşılanmış və müzakirələrə səbəb olmuşdur.

Tədbir çərçivəsində aparılan müzakirələr türk dövlətlərində dövlət dilinin tədrisi məsələlərinin elmi əsaslarla inkişaf etdirilməsinin vacibliyini bir daha önə çıxarmış və bu istiqamətdə əməkdaşlıq perspektivlərinin əhəmiyyətini göstərmişdir.

Aydan Əliyeva
Filologiya (Azərbaycan dili və Ədəbiyyatı) ixtisası üzrə 2-ci kurs tələbəsi.

Similar Posts