Aynur Qəzənfərqızının Mönke Biyə həsr olunmuş məqaləsi beynəlxalq konfrans materiallarında dərc edilib.

Qazaxıstanın Aktöbə şəhərində Mönke Biyin 350 illiyinə həsr olunmuş “Turanın Öngörücüsü, Yüzilin Bilgəsi Mönke Biy” adlı beynəlxalq elmi-təcrübi konfransın materialları nəşr edilib. Nəşrdə “Xəzər MAFİ”nin koordinatoru Aynur Qəzənfərqızının elmi məqaləsi də yer alıb.

Tədqiqatçının “Türk kültüründe şaman-ozan ilişkisi ve geleceği öngörme motifi Mönke Biy örneğinde” adlı məqaləsi türk dünyasının bədii-folklor irsində ortaq xəttləri elmi müstəvidə araşdırır. Müəllif yazıda şaman, ozan və aşıq ənənələri arasındakı tarixi-mədəni bağlılıqları müqayisəli metodlarla təhlil edərək, Mönke Biy nümunəsində gələcəyi öncədən görmə motivinin mənşəyini və funksiyasını izah edir.

Məqalədə türk mifoloji düşüncəsinin müxtəlif təzahürləri, ozan-şaman münasibətlərinin transformasiyası və bu ənənənin sonrakı dövrlərdə folklor yaradıcılığında yaşaması məsələləri geniş şəkildə şərh olunur. Araşdırma həmçinin türk xalqlarının ortaq mədəni yaddaşında öngörücülük motivinin davamlılığını elmi faktlarla əsaslandırır.

Qeyd edək ki, beynəlxalq konfrans Aktöbədə 18–26 sentyabr tarixlərində keçirilib və müxtəlif ölkələrdən alim və tədqiqatçıları bir araya gətirib. Nəşrin əsas məqsədi Mönke Biyin simasında türk dünyasının mənəvi-mədəni irsini araşdırmaq və elmi ictimaiyyətə təqdim etməkdir.

Aydan Əliyeva
Xəzər Universiteti, Filologiya (Azərbaycan dili və Ədəbiyyatı) ixtisası üzrə 2-ci kurs tələbəsi.

Similar Posts