Xəzər Universitetində “Kitablar ən yaxşı dostumuzdur – 2” ədəbi-bədii tədbiri keçiriləcək.

Xəzər Universitetində 14 Fevral – Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə “Kitablar ən yaxşı dostumuzdur – 2” adlı ədəbi-bədii tədbirin keçirilməsi planlaşdırılır. Tədbir Xəzər Universiteti Mədəni Antropologiya və Folklor İnstitutunun və Mirvarid Dilbazi Poeziya Evinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Qeyd edək ki, ötən il eyni adlı layihə çərçivəsində “Kitablar mənim dostumdur” adlı tədbir keçirilmiş və 100 tələbəyə 100 kitab hədiyyə edilmişdi. Layihənin əsas məqsədi tələbələr arasında mütaliə mədəniyyətini təşviq etmək və kitab bağışlama ənənəsini genişləndirmək olmuşdur. Təşkilatçılar bu il tədbirin ikincisini keçirməyi nəzərdə tuturlar.

Proqrama əsasən, Vaqif Osmanlı, Turan İbrahimov, Brilyant Atəş, Səadət Buta, Səringül Sadə, Qulu Xaləddinoğlu, Rövşən Xaləddinoğlu, Tərlan Musayeva, Lalə İsmayıl və Əzizə Ağahüseynqızı kimi tanınmış şairlərin tələbələrlə görüşü və kitab hədiyyələrinin təqdimatı planlaşdırılır.

Bununla yanaşı, Ali Kafkasyalının “Səməd Vurğun. Bir milli şairə” və “Kartallar Sınır Tanımaz” kitablarının təqdimatı keçiriləcək, həmçinin “Mirvarid Dilbazi Poeziya Evi” tərəfindən nəşr olunan kitablar tələbələrə paylanacaq.

Tədbirin 19 fevral 2026-cı il tarixində saat 11:00-da Xəzər Universitetinin Neftçilər kampusunda (Məhsəti küç. 41, Mərmər salon) keçirilməsi nəzərdə tutulur.

Layihə universitet mühitində kitab və mütaliə ənənəsinin gücləndirilməsi, gənclərin ədəbi mühitə inteqrasiyası və milli-mənəvi dəyərlərin təbliği baxımından əhəmiyyətli təşəbbüs kimi qiymətləndirilir.

Aydan Əliyeva
Filologiya (Azərbaycan dili və Ədəbiyyatı) ixtisası üzrə 2-ci kurs tələbəsi.

Similar Posts