Xəzər Universitetinin tələbələri Tələbə Elmi Konfransında iştirak edib

2025-ci il aprelin 28-də Bakı Avrasiya Universiteti Nəzəri dilçilik və türk kafedrasının təşkilatçılığı ilə “Qloballaşan Dünyada Milli Dillər Gənc Filoloqların Araşdırmalarında” mövzusunda Tələbə Elmi Konfransı keçirilmişdir. Konfransda ölkənin müxtəlif ali təhsil müəssisələrinin tələbə və müəllim heyəti iştirak etmişdir. Tədbirin açılış mərasimində Bakı Avrasiya Universitetinin elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor Gülzar İbrahimova, Tədrisin təşkili departamentinin rəhbəri dos.Natella Quliyeva,  Nəzəri dilçilik və türk dilləri kafedrasının müdiri, filolofiya üzrə fəlsəfə doktoru,dosent Zəminə Rüstəmbəyli, Nəzəri dilçilik və türk kafedrasının professoru Ədalət Tahirzadə, Azərbaycan və Dünya ədəbiyyatı kafedrasının müdiri, professor Elmira Kekeç, Xəzər Universitetinin müəllimi və Khazar MAFİ-nin koordinatoru, dosent Aynur Qəzənfərqızı və digər akademik şəxslər çıxış ediblər. Çıxışlarda milli dillərin qorunmasının vacibliyi, qloballaşma dövründə dil kimliyinin saxlanılması, gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb olunmasının əhəmiyyəti xüsusi vurğulanmışdır. Konfrans plenar iclasla işə başlamış və iclasa dosent Zəminə Rüstəmbəyli sədrlik etmişdir. Plenar iclasda dilçilik, qloballaşma, sosial media və milli dillərin qorunması kimi mövzularda tələbə məruzələri dinlənilmiş, elmi müzakirələr aparılmışdır. Plenar iclasdan sonra bölmə iclasları keçirilmişdir. Bölmələr üzrə Azərbaycan dili, türkologiya və ingilis dili sahələri üzrə aparılan tədqiqatlar əsasında tələbə çıxışları təqdim olunmuşdur. Xəzər Universitetinin nümayəndələri də Azərbaycan dili və türkologiya sahələrində apardıqları elmi araşdırmalarla bölmə iclaslarında fəal iştirak etmişlər. Xəzər Universitetindən konfransa Khazar MAFİnin koordinatoru Dos. Aynur Qəzənfərqızının elmi rəhbərliyi ilə Pəri Nəsibova (Filologiya ixtisası, 1-ci kurs) “Azərbaycan və Qırğız mətbəxində yeməklərin adlandırılması”; Kamilə Səfərbəyova (Filologiya ixtisası, 1-ci kurs) “Qırğız manasçısı Sayakbay Karalayev ilə Azərbaycan aşığı Stal Süleymaniski yaradıcılığında dil-üslub xüsusiyyətləri”; Nigar Ələsgərli (Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası, 1-ci kurs) “Toktoğul və S.Ə.Şirvani yaradıcılığında dil-üslub xüsusiyyətləri”; Aydan Əliyeva (Filologiya ixtisası, 1-ci kurs) “Sovet dövrü folklorşünaslığında toplanmış materialların dil və üslub xüsusiyyətləri”; İnci Məmmədova (Filologiya (ingilis dili və ədəbiyyatı) ixtisası, 2-ci kurs) “Süni intellekt və dilin gələcəyi: tərcümə, dil öyrənmə və lingvistik inkişafa təsirləri”, həmçinin Dillər bölməsinin koordinatoru Dr. Sevinc Qəmbərlinin elmi rəhbərliyi ilə Günel Abuşova (İbtidai sinif müəllimliyi ixtisası, 2-ci kurs) “Azərbaycan dilinin Kürdəmir şivəsinin leksikası”; Şənay Mirzə (İbtidai sinif müəllimliyi ixtisası, 1-ci kurs) “Azərbaycan və Özbək dillərində ortaq leksika” mövzularında çıxış etmişlər. Konfransın sonunda təşkilatçılar tədbirin həyata keçirilməsinə dəstək göstərən universitetlərə və iştirakçılara təşəkkür etmiş, gələcəkdə də bu cür elmi tədbirlərin davam etdiriləcəyi və gənc filoloqların elmi fəaliyyətlərinə hərtərəfli dəstək veriləcəyi bildirilmişdir. Belə tədbirlər milli dillərin qorunmasına, gənc tədqiqatçıların elmi potensialının inkişafına və elmi fikir mübadiləsinin genişlənməsinə mühüm töhfə verir.

 

Ələsgərli Nigar
Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası (1-ci kurs), Khazar MAFİ könüllüsü

Similar Posts