Nəvayi adına Özbək dili və ədəbiyyatı Daşkənd Dövlət Universitetinin doktorantı Dilbər Haydarova Xəzər Universitetində elmi təcrübə keçib
Dilbər Haydarovanın Xəzər Universitetində Elmi Təcrübəsi
Nəvayi adına Özbək dili və ədəbiyyatı Daşkənd Dövlət Universitetinin doktorantı Dilbər Haydarova Xəzər Universitetində elmi təcrübə keçib. O, universitetin Mədəni Antropologiya və Folklor İnstitutuna gələrək elmi-tədqiqat fəaliyyəti ilə tanış olub, folklor araşdırmaları aparıb və bu sahədəki bilik və təcrübəsini artırıb.
Dilbər Haydarova elmi təcrübəsini dosent Aynur Qəzənfərqızının rəhbərliyi altında keçib. Bu müddətdə əsas diqqət onun dissertasiya mövzusu – “Özbəkistan və Azərbaycan miflərində qadın obrazları” ilə bağlı elmi nəşrlərin toplanması və tədqiqinə yönəldilib. Bundan əlavə, dosent Aynur Qəzənfərqızının təşəbbüsü ilə Dilbər Haydarova Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunu ziyarət edib, burada tanınmış folklorşünaslarla görüşlər keçirib və elmi müzakirələr aparıb. Xüsusilə, professor Füzuli Bayatın Türk dünyası miflərində qadın obrazları mövzusunda təqdim etdiyi məruzə Dilbər xanım üçün əhəmiyyətli olub.
Azərbaycan folklorunun canlı nümunələri ilə yaxından tanış olmaq məqsədilə Aynur Qəzənfərqızı və Dilbər Haydarova Azərbaycanın Qusar rayonuna səfər ediblər. Burada onlar İlaxır Çərşənbənin qeyd olunması ənənələrini müşahidə edərək folklor adətləri haqqında praktiki məlumat əldə ediblər.
Dilbər Haydarovanın Xəzər Universitetindəki elmi təcrübəsi təkcə onun fərdi inkişafına deyil, həm də Azərbaycan və Özbəkistan arasında elmi əlaqələrin möhkəmlənməsinə, iki ölkə arasında folklor və ədəbiyyat sahəsində əməkdaşlığın genişlənməsinə töhfə verib.Təcrübə müddətini uğurla başa vurduğuna görə Dilbər Haydarovaya sertifikat təqdim edilib. Qeyd edək ki, onun elmi işinin ikinci rəhbəri Xəzər Universitetinin Mədəni Antropologiya və Folklor İnstitutunun koordinatoru, dosent Aynur Qəzənfərqızıdır.
Nigar Ələsgərli
Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası (1-ci kurs), Khazar MAFİ könüllüsü
Aydan Əliyeva
Filologiya (azərbaycan dili və ədəbiyyatı) ixtisası, 1-ci kurs,Khazar MAFİ könüllüsü