“Türkdilli Dövlətlər Sammiti”ndən “Türk Dövlətləri Birliyi”nə gedən yol beynəlxalq elmi seminarı

2024-cü il dekabrın 4-də Xəzər Universitetinin Nərimanov kampusunda Türk dünyasının keçmişindən gələcəyinə uzanan yolda əhəmiyyətli bir beynəlxalq elmi seminar keçirildi. Bu mötəbər tədbir Xəzər Universiteti Mədəni Antropologiya və Folklor İnstitutunun təşəbbüsü ilə təşkil olunmuşdu.

Seminarın açılışını institutun koordinatoru, dosent Aynur Qəzənfərqızı etdi. Zərif və səmimi üslubu ilə çıxış edən Aynur xanım Türk Dövlətləri Təşkilatının keçdiyi tarixi yoldan bəhs etdi. O, təşkilatın 2009-cu ildə Naxçıvanda keçirilmiş ilk toplantısının “Türkdilli Dövlətlər Sammiti” adlandırılmasının tarixi və siyasi mühitin təsiri ilə olduğunu vurğuladı və müasir günümüzdə Türk Dövlətləri Birliyinin yaranmasının ciddi siyasi təsir və təzyiq ilə əmələ gəldiyini bildirdi. Aynur xanım daha sonra tədbirin məruzəçilərini tələbələrə təqdim edərək sözü onlara verdi.

İlk məruzəçi Qazaxıstanın Əl-Fərabi Universitetinin görkəmli alimi, folklorşünas professor Anarbay Buldubayev oldu. O, “Qazax-Azərbaycan folklorunda ortaq süjetlər” mövzusunda qazax dilində çıxış edərək iki xalqın folklorunda rast gəlinən mədəni bağları və ortaq motivləri geniş analiz etdi. Bu məruzə tələbələr tərəfindən böyük maraqla qarşılandı və alqışlarla müşayiət olundu.

Daha sonra Pamukkale Universitetinin Sosial İnsan və Toplum Elmləri Fakültəsi Türkologiya Bölümünün rəhbəri professor Turgut Tok söz aldı. O, “Türkcənin coğrafiyası” adlı məruzəsi ilə Türk dilinin geniş yayılma arealını və tarixi inkişafını ətraflı təhlil etdi. Bu məruzədə Türk dünyasının dil baxımından keçmişi, bu günü və gələcəyi ilə bağlı əhəmiyyətli məsələlər vurğulandı.

Seminarda Albaniyalı tədqiqatçı, “Albaniya-Azərbaycan Dostluq Dərnəyi”nin sədri Entela Muço da iştirak etdi. O, “Azərbaycan-Albaniya əlaqələrinin tarixi” mövzusunda məruzə edərək hər iki xalq arasındakı tarixi və mədəni əlaqələrdən bəhs etdi. Bu mövzu tələbələr üçün xüsusilə maraqlı idi, çünki onlar Azərbaycanla uzaq coğrafiyalarda yaşayan xalqlar arasındakı bağlarla yaxından tanış olmaq imkanı qazandılar.

Son məruzəçi Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, aşıq sənətinə dair yeni yanaşmaları ilə tanınan dosent Nazir Əhmədli idi. Onun “Azərbaycan Türkcəsi haqqında” adlı məruzəsi tələbələr tərəfindən maraqla qarşılandı. O, Azərbaycan Türkcəsinin zəngin lüğət fondu və tarixi inkişafı haqqında ətraflı danışaraq mövzunun əhəmiyyətini vurğuladı.

Seminarın sonunda dosent Aynur Qəzənfərqızı bütün məruzəçilərə təşəkkür edərək məruzələri yekunlaşdırdı. O, bu cür elmi tədbirlərin Türk dünyasının birliyinin güclənməsinə və gələcəkdə daha sıx əməkdaşlıq üçün zəmin yaratmağa xidmət etdiyini qeyd etdi. Seminar iştirakçıları, həmçinin, tədbirin təhsil və elmi əlaqələrin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirdilər.

Tələbələr seminarın sonunda onları maraqlandıran sualları verdilər, müzakirələrdə fəal iştirak etdilər. Bu, onların mövzulara dərin maraq göstərdiklərini və Türk dünyasına dair daha geniş məlumat əldə etməyə can atdıqlarını göstərirdi.

Tədbir xatirə şəkilləri çəkdirilərək yekunlaşdı. Seminarın təşkilatçıları və iştirakçıları bu cür elmi və mədəni tədbirlərin gələcəkdə daha da genişlənəcəyinə və Türk dövlətləri arasında daha çox əlaqələrin qurulacağına inandıqlarını bildirdilər.

 

Aydan Nəsirli

Xəzər Universiteti, Filologiya (İngilis dili və Ədəbiyyatı) ixtisası, II kurs.

Similar Posts