Xəzər Universitetində “Çillə gecəsi” tədbiri keçiriləcək
Sabah, 19 dekabr 2025-ci il tarixində, Xəzər Universitetində unudulmuş qədim bayramlarımızdan birinə həsr olunan “Çillə gecəsi” adlı mədəni tədbir baş tutacaq. Tədbir saat 14:00-da Xəzər Universitetinin Mərmər Salonunda (Məhəsti 41, Neftçilər kampusu) keçiriləcək.
Qışın ən sərt dövrünün başlanğıcı ilə əlaqələndirilən Çillə gecəsi Azərbaycan xalqının qədim inanclarında xüsusi yer tutur. Bu gecə bolluq, bərəkət və yeni ümidlərin rəmzi kimi yadda qalıb. Tədbirdə həmin dövrə xas ənənəvi süfrə nümunələri, nar, qarpız, çərəzlər və şamlarla bəzədilmiş masa, eləcə də milli-mənəvi dəyərləri əks etdirən simvollar təqdim olunacaq. İsti və səmimi bir mühitdə keçməsi gözlənilən tədbir iştirakçılara keçmişlə bu gün arasında mənəvi körpü yaradacaq.
Tədbirin əsas məqsədi qədim bayram ənənələrimizin unudulmamasına töhfə vermək, gənc nəslə milli-mədəni irsimizi tanıtmaq və Çillə gecəsinin fəlsəfi-mənəvi mahiyyətini çatdırmaqdır.
Aydan Əliyeva (Azərbaycan dili və Ədəbiyyatı) ixtisası üzrə 2-ci kurs tələbəsi.




