Qazaxıstanlı Alimlər Elmi Seminarda

Xəzər Universitetində “Dil Faktorlarının Yaranmasında Folklorun Rolu: Ortaq Ünsiyyət Dilinin Formalaşması” adlı beynəlxalq elmi seminar keçirilib
25 noyabr 2025-ci il tarixində Xəzər Universitetinin Nərimanov kampusunda “Dil Faktorlarının Yaranmasında Folklorun Rolu: Ortaq Ünsiyyət Dilinin Formalaşması” mövzusunda elmi tədbir təşkil olunub. Tədbirin təşkilatçısı “Xəzər MAFİ”nin koordinatoru, dosent Aynur Qəzənfərqızı çıxışında folklorun dil inkişafındakı rolundan, ortaq kommunikasiya mühitinin formalaşmasına təsir edən mədəni və dil faktorlarından bəhs edib.
Elmi toplantıda Qazaxıstandan dəvət olunan alimlər də iştirak ediblər. Onlar türk xalqlarının dil əlaqələri, leksik və fonetik paralellər, həmçinin ortaq dil modelinin formalaşması istiqamətində aparılan müasir tədqiqatların nəticələrini təqdim ediblər.
Tədbir çərçivəsində dilçilik, linqvistika və folklorşünaslıq sahələrində aktual mövzular müzakirə olunub. Universitet tələbələri və gənc tədqiqatçıların iştirakı ilə interaktiv diskusiya keçirilib, sual-cavab sessiyasında müxtəlif elmi yanaşmalar ətrafında fikir mübadiləsi aparılıb.
Sonda iştirakçılar bu kimi tədbirlərin türk xalqları arasında elmi əməkdaşlığın genişlənməsinə və ortaq humanitar platformanın möhkəmlənməsinə əhəmiyyətli töhfə verdiyini bildirib.
Aydan Əliyeva
Filologiya (Azərbaycan dili və Ədəbiyyatı) ixtisası üzrə 2-ci kurs tələbəsi.