Qazaxıstanda Elmi Səfərdə
18-26 sentyabr tarixlərində Qazaxıstanın Aktöbə şəhərində keçirilən “Turanın Öngörücüsü, Yüzilin Bilgəsi Mönke Biy” adlı beynəlxalq elmi simpoziumda “Xəzər MAFİ”nin koordinatoru Aynur Qəzənfərqızı elmi məruzə ilə çıxış edib.
Tədbir çərçivəsində Aynur Qəzənfərqızı “Türk kültüründe şaman-ozan ilişkisi ve geleceği öngörme motifi Mönke Biy örneğinde” mövzusunda məruzə təqdim edərək, türk dünyasının bədii-folklor irsindəki ortaq xəttləri, mifoloji düşüncənin müxtəlif təzahürlərini və bu iki böyük şəxsiyyətin yaradıcılığında mədəni paralelləri elmi müstəvidə şərh edib.
Simpoziuma bir çox ölkələrdən folklorşünaslar, ədəbiyyatşünaslar, tarixçilər və tədqiqatçılar qatılıb. Çıxışlar türk xalqlarının mədəni inteqrasiyasının elmi müstəvidə müzakirəsinə zəmin yaradıb. Aynur Qəzənfərqızının məruzəsi isə iştirakçılar tərəfindən maraqla qarşılanaraq, geniş elmi diskussiyalara səbəb olub.
Bu mötəbər toplantının məqsədi Mönke Biyin simasında, türk dünyasında ozan, aşıq və şaman baxışlarının araşdırılması və gələcək nəsillərə ötürülməsidir.
Aydan Əliyeva
Filologiya (Azərbaycan dili və Ədəbiyyatı) fakültəsi, 2-ci kurs tələbəsi.
