|

Ana dili gününə dair


21 Fevral bütün dünyada Beynəlxalq Ana dili Günü kimi qeyd olunur. Bəs bu günün yaranma səbəbi nədir və mahiyyəti nədən ibarətdir?
1952-ci il fevral ayının 21-də Banqladeşin Benqal şəhərində faciəvi bir hadisə baş verdi. 4 tələbə öz ana dilinin rəsmi dil statusu alması uğrunda mübarizə apardı və bunun nəticəsində öldürüldü. Bundan 47 il sonra, yəni 1999-cu ilin noyabr ayında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO-nun Baş konfransının 30-cu sessiyasında 21 Fevral tarixi Beynəlxalq Ana Dili Günü elan edildi və 2000-ci ildən etibarən hər il dil və mədəniyyət rəngarəngliyini qorumaq məqsədilə qeyd edilir.
Ana Dili! Ana və dil kəlmələrinin bir birləşmədə ifa etdikləri mənanın mahiyyətinə fikir versək, görərik ki, ana dili anamızın, bizi dünyaya gətirən müqəddəs varlığın, ayaqlarının altı hər kəsə behişt olan bir insanın dilidir. Laylası ilə qanımıza, canımıza həyat sevgisi hopduran bir varlığın dilidir.
Ana dili bizim müqəddəs sərvətimizdir. Ana dili ömrümüzü mənalandıran, onu gözəlləşdirən əxlaq dərsliyidir. Bu dil adicə bir deyil, həmçinin ürəkləri riqqətə gətirən, insanı keçmişinə bağlayan və gələcəyə səsləyən mənəvi xəzinədir.
Ümummilli liderimiz Heydər Əliyevin də dediyi kimi: “Dil-millətin mənəviyyat bayrağı, milli mənlik və qürurudur. Dil yoxdursa, xalq da yoxdur”.
Həqiqətən, belədir. Bir xalqın torpağı qədər dili də onun varlığını göstərən əsas şərtdir. Çünki torpaq işğal edilə bilər, lakin ana dili yaşadığı müddətcə xalqın mövcudluğu da davam edəcəkdir.
Ana dilimiz-soyumuzun, kökümüzün işlətdiyi dil Azərbaycan dilidir. Bu dil bizim üçün təkcə ünsiyyət vasitəsi deyil, həm də milli kimliyimizin ən vacib rəmzidir. Biz dil açdıqda ilk sözlərimizi bu dildə söyləyirik, analarımızın laylalarını məhz bu dildə eşidirik. Nəsimi dözümü, Füzuli eşqi, Vaqif sevgisi, Vurğun şirinliyi bu dildə ifadə olunaraq yaddaşımıza əbədi şəkildə həkk olunmuşdur. Azərbaycan dili xalqımızın düşüncəsini, ruhunu, tarixini, mədəniyyətini, incəsənətini özündə daşıyan milli-mənəvi sərvətimizdir.
Dilimiz keçmişimiz, bu günümüz və gələcəyimizdir. Hər birimiz torpağı qoruduğumuz kimi dilimizi də göz bəbəyi kimi qorumalı, onun saflığını, səlis ahəngini və ifadə zənginliyini gələcək nəsillərə ötürməliyik.
Bunu önəmli və zəruri məsələ sayan Xəzər Universiteti Mədəni Antropologiya və Folklor İnstitutunun təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr edilmiş Dilimiz kimliyimizdir: Dilimizi Qoruyaq adlı elmi seminar keçirdi.
Məqsəd yalnız dilimizin əsaslarının qədim köklərə bağlandığını çatdırmaq deyil, həmçinin dilimizi qorumaq məsələsində tələbələrin də öz üzərinə düşən öhdəlikləri xatırlatmaq idi.
Açılışda fil.ü.f.d, dos.Aynur Qəzənfərqızı 21 Fevral-ın təsis edilmə səbəbini açıqlayaraq bu günün əhəmiyyətinin vacibliyini vurğuladı. Akademik Hamlet İsaxanlı klassik ədəbiyyatımızın dilə verdiyi tövfələrə nəzər saldı. Professor Firudin Cəlilov ana dilinin tarixinin Orxon-Yenisey abidələrindən daha da öncəyə gedib-çıxdığını bildirdi. Xəzər Universitetinin müəllimi, fil.ü.f.d Sevinc Qəmbərli Azərbaycanın müxtəlif bölgələrinə xas olan dialektlərə diqqət şəkdi. Tədbirin bədii hissəsində isə orkestr heyətinin və aşıq Ramin Qarayevlə Məhsəti xanımın ifaları ilə mədəniyyət nümayiş olundu.
Xəzər Universitetinin belə bir tədbirə ev sahibliyi etməsinin məqsədləri çoxdur və onların hər biri, əslində, özündə dərin bir məna ehtiva edir-Bu yalnız dillərin qorunması və yaşadılması üçün yox, həmçinin mədəniyyətlərin bir-birinə ehtiramla yanaşmasını təşviq edən bir körpüdür. Bu tədbir ana dilinin təkcə ünsiyyət vasitəsi deyil, həmçinin insanın kimliyinin, ruhunun və tarixi yaddaşının daşıyıcısı olduğunu vurğuladı.
Bir gənc olaraq tədbir mənə onu başa saldı ki:
1. Ana dilimiz yalnız ünsiyyət vasitəsi deyil, həm də milli varlığımızın sütunudur. Dilimiz bizim kimliyimizi formalaşdırır və mədəni irsimizi nəsildən-nəslə ötürməyə imkan yaradır. Bu tədbirdə iştirak edərkən fərqinə vardım ki, dilimizi qorumaq, əslində, gələcəyimizi qorumaq deməkdir.
2. Dilə sahib çıxmaq üçün təkcə onun gözəlliyini dərk etmək kifayət deyil, gərək onun saflığını da qoruyasan. Seminar zamanı vurğulanan əsas məqamlardan biri də ana dilimizə alınma sözlərin daxil olması və bunun qarşısının alınmasının vacibliyi idi. Mən də tədbirdən sonra öz gündəlik danışıq və yazılarımızda dilimizə daha böyük diqqətlə yanaşmalı olduğumuzu dərk etdim.
3. Gənclər olaraq bizim ana dilimizi bilməyimiz və istifadə etməyimiz yetərli deyil, onun təbliği üçün də çalışmaq lazımdır. Seminar zamanı onu anladım ki, dilimizi qorumağın və yaşatmağın ən gözəl yolu müxtəlif platformalarda ondan aktiv və ən əsası düzgün şəkildə istifadə etməkdir.
4. Ana dilimizin tarixi və qədim kökləri onun yalnız bu gün deyil, gələcək üçün də necə qiymətli olduğunun sübutudur. Tədbirdə klassik ədəbiyyatımızın dilə verdiyi tövfələr haqqında maraqlı faktlar öyrəndim. Nəsimi, Füzuli, Xətai, Vaqif, Vidadi və onlar kimi neçə-neçə dahilərin öz yaratdıqları əsərlərlə dilimizi necə zənginləşdirdiyini anladığım zaman bir daha ana dilimizə böyük sevgi və dərin ehtiram hissi ilə yanaşmalı olduğumu fərq etdim.
5. Bizi bir xalq kimi birləşdirən əsas dəyərlərdən biri dilimizdir və onu qorumaq üçün hər birimiz öz üzərimizə düşəni etməliyik. Tədbirdə çıxış edən alimlərin fikirlərindən belə bir nəticəyə gəldim ki, ana dilimizin taleyi yalnız təhsil sisteminin və ya dövlət qurumlarının deyil, bütövlükdə elə cəmiyyətin əlindədir.
21 Fevral tarixində Xəzər Universitetinin Mərmər Salonunda keçirilən “Dilimiz kimliyimizdir: Dilimizi qoruyaq” adlı elmi seminar tələbələrə öyrətdi ki, ana dili sadəcə müəyyən günlərdə xatırlanacaq bir dəyər deyil, ona hər gün qayğı göstərilməli və sevgi ilə qorunmalıdır.

Fatiməxanım Məmmədzadə
Xəzər Universiteti Azərbaycan dili və Ədəbiyyatı ixtisası

Similar Posts