“Unudulmuş qədim bayramlarımız: Çillə gecəsi” mövzusunda tədbir

2024-cü il dekabrın 20-də Xəzər Universiteti Mədəni Antropologiya və Folklor İnstitutunun (MAFİ) təşkilatçılığı ilə “Unudulmuş qədim bayramlarımız: Çillə gecəsi” mövzusunda məlumatlandırıcı tədbir keçirildi. Tədbirin məqsədi qədim türk inancları və mədəniyyətində xüsusi yer tutan Çillə bayramının ənənələrini yenidən xatırlatmaq, bu dəyərləri gənc nəsillərə çatdırmaq idi.

Tədbir boyunca aparıcılar qədim türklərin təbiətlə bağlı ayinləri və Göy Tanrı inancı haqqında geniş məlumat verdilər. Qədim türklərin 21 dekabr gecəsini, yəni ilin ən uzun gecəsini qaranlıq ilə işığın mübarizəsi kimi qeyd etdikləri vurğulandı. Bu gecə insanların günəşə dəstək olmaq üçün oyaq qalması, küknar ağacı bəzəməsi və əyləncələr təşkil etməsi barədə maraqlı faktlar tamaşaçılara təqdim edildi.

Tədbir çərçivəsində xüsusi olaraq həyata keçirilən “Divani Lüğət-it-Türk yeniyetmə tədqiqatçıların ifasında” adlı layihə böyük marağa səbəb oldu. Bu layihə Xəzər Universiteti və Qusar rayonunun Cibir kənd tam orta məktəbinin VIII “b” sinif şagirdlərinin birgə əməkdaşlığı ilə həyata keçirilmişdi. Layihənin rəhbəri, Xəzər Universitetinin məzunu və hazırda Cibir məktəbində fəaliyyət göstərən Nəcibə Zeynalova MAFİ-nin koordinatoru Dos. Aynur Qəzənfərqızının dəstəyi ilə yeniyetmə şagirdləri qədim türk ədəbiyyatına maraq göstərməyə və onu səhnələşdirməyə təşviq etmişdi.

Tədbirin ən maraqlı hissələrindən biri də məhz həmin layihə çərçivəsində hazırlanan səhnəciklər oldu. Cibir məktəbinin şagirdləri qədim türk mədəniyyətini əks etdirən səhnələrlə qədim inancların və adətlərin yenidən canlanmasına töhfə verdilər. Onların təqdim etdiyi səhnəciklər “Kutadqu Bilik” əsərindən ilhamlanaraq hazırlanmışdı və qədim hikmətlərin çağdaş dövrdə nə qədər əhəmiyyətli olduğunu göstərirdi.

Bundan başqa, tədbirdə Xəzər Universitetinin müəllimi aşıq Ramin Qarayev Hamlet İsaxanlının şeirini Bayatı-Şiraz üstündə sazda ifa edərək, tamaşaçılara düşündürücü anlar yaşatdı. Şagirdlərin ifası və musiqi çıxışları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı.

Tədbirin bağlanışında aparıcılar vurğuladılar ki, bu tədbir milli irsi yaşatmaq və gələcək nəsillərə çatdırmaq üçün bir addım idi. Sonda tədbirin təşkilatçıları Dos. Aynur Qəzənfərqızı və Nəcibə Zeynalova bu cür layihələrin davamlı olmasının vacibliyini bildirdilər və öz ürək sözlərini bölüşdülər.

Layihə ali təhsil ilə orta məktəb arasında körpü yaradaraq, qədim türk ədəbiyyatı və mədəniyyətinin yenidən kəşf edilməsində mühüm rol oynadı.

Aydan Nəsirli

Xəzər Universiteti, Filologiya (İngilis dili və ədəbiyyatı) ixtisası, ll kurs

Similar Posts